Afrika üçün 1,2 milyard avroluq təşəbbüs başladıldı
Dünya
21.06.2025 09:54
İtaliyanın Baş naziri Corcia Meloni iyunun 20-də Romada keçirilən beynəlxalq görüşdə Afrikadakı borc yükünü azaltmaq məqsədilə yeni təşəbbüs elan edib. Görüşə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birlikdə sədrlik edən Meloni, təşəbbüsün iqtisadi inkişafı sürətləndirməklə miqrasiyanı azaltmağı hədəflədiyini bildirib.
TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, təşəbbüs İtaliyanın “Mattei Planı” ilə Avropa İttifaqının “Global Gateway” investisiya strategiyasının Afrika üzrə prioritetlərini birləşdirir.
“Afrikanı gücləndirməklə Avropanı da gücləndiririk. Bu qitə bizim gələcəyimiz üçün həlledicidir. Biz birgə sabitliyimizi təmin etmək üçün şərait yaratmalıyıq. Bu sammit Mattei Planının beynəlmiləlləşməsi üçün mühüm addımdır”, - Meloni bildirib.
Baş nazirin sözlərinə görə, 10 il ərzində həyata keçiriləcək təşəbbüs çərçivəsində təxminən 235 milyon avro məbləğində borcun yerli inkişaf layihələrinə çevrilməsi nəzərdə tutulur. Layihə xüsusilə aşağı və orta gəlirli Afrika ölkələrinin borc yükünün 50%-dək azaldılmasını hədəfləyir.
Sammitdə Aİ və İtaliyanın Afrikaya yönəlik “ortaq öhdəlikləri”nin ümumi dəyəri 1,2 milyard avro (1,38 milyard dollar) olaraq açıqlanıb.
Qiymət Mahir
tag: İtaliya ,Aİ ,Afrika ,Afrika,Todaypress.tv,