Fransada meşə yanğınında bir nəfər öldü, bir nəfər itkin düşdü
Dünya
06.08.2025 11:17
Fransanın Aude departamentində baş vermiş irimiqyaslı meşə yanğını nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə itkin düşmüş sayılır.
TodayPress TV xəbər verir ki, bu barədə regionun prefekturası sosial şəbəkə “X” üzərindən məlumat yayıb.
65 yaşlı qadın Sen-Loran-de-la-Kabreriss öz evində yanaraq ölüb. “RMC” radiostansiyasının məlumatına görə, qadın təxliyədən imtina etmişdi. Həmin kommunadan olan digər bir qadın isə itkin düşmüş hesab olunur.
Yanğın nəticəsində ümumilikdə 9 nəfər xəsarət alıb – onlardan 7-si yanğınsöndürəndir. 30 avtomobil tamamilə yanıb, 25 ev alova qərq olub. Təxminən 2 500 ev elektrik enerjisiz qalıb.
Prefektura bildirib ki, güclü külək səbəbindən vəziyyət hələ də nəzarətdən kənardır:
“Alov çox sürətlə yayılır və artıq 11,1 min hektar meşə sahəsini əhatə edib”.
Hazırda hadisə yerində 1 500 yanğınsöndürən çalışır, əlavə 320 nəfər isə yardım üçün əraziyə göndərilib.
Qiymət Mahir
tag: Fransa,Prefektura,Aude ,Yanğın,Todaypress.tv,