Fon der Lyayen: "ABŞ ilə tarif razılaşması qüsurludur"
Dünya
25.08.2025 09:20
Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Lyayen ABŞ Prezidenti Donald Tramp ilə əldə olunmuş gömrük tariflərinə dair razılaşmanın qüsursuz olmadığını etiraf edib.
TodayPress TV xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunan məqaləsində Fon der Lyayen bu razılaşmanı “möhkəm, lakin qüsurlu” adlandırıb.
Onun sözlərinə görə, sənəd sabitlik və proqnozlaşdırıla bilənlik naminə eskalasiyadan və qarşıdurmadan imtina qərarını əks etdirir.
Siyasətçi qeyd edib ki, tariflər xərclərin artmasına, istehlakçıların seçim imkanlarının azalmasına və ümumilikdə Avropa sənayesinin rəqabət qabiliyyətinin zəifləməsinə səbəb olur. Bununla belə, əgər Avropa İttifaqı ABŞ-yə qarşı cavab tarifləri tətbiq etsəydi, bu, bahalı ticarət müharibəsinə yol aça bilərdi. Fon der Lyayenin sözlərinə görə, belə nəticələr işçilərə, istehlakçılara və sənaye sektoruna ciddi təsir göstərəcəkdi.
Qiymət Mahir
tag: ABŞ ,Avropa Komissiyası,Ursula Fon der Lyayen,Donald Tramp,Todaypress.tv,