Kirkin qətlində istifadə edildiyi iddia edilən qətl silahı müəyyənləşdi
Dünya
20.09.2025 16:45
Amerikalı mühafizəkar fəal Çarli Kirk, ilkin məlumatlara görə, 19-cu əsrdə hazırlanmış alman “Mauser 98” tüfəngi ilə öldürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə “NBC” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
“Prokurorlar ələ keçirilən silahın “Mauser Model 98” olduğunu müəyyən ediblər”, - deyə məlumatda bildirilir.
Nəşr bildirir ki, silah ABŞ-də seriya nömrələri kimi silahlarda məcburi identifikasiya olunmağa başlamazdan əvvəl də ölkəyə idxal edilmiş ola bilər.
Polis şübhəli Tayler Robinsonun ailəsi vasitəsilə tüfəngin markasını müəyyən edə bilib.
NBC telekanalının məlumatına görə, tüfəng əvvəllər şübhəlinin babasına məxsus olub. Mütəxəssislər ABŞ-də sistemdə qeydiyyatdan keçməmiş milyonlarla oxşar silahın olmasından narahat olduqlarını bildiriblər. Hüquq-mühafizə orqanları cinayətkarların məhz belə silahları əldə etməyə cəhd edə biləcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, bundan əvvəl “The Washington Post” kəşfiyyat məlumatlarına istinadən ABŞ-də fəal Çarli Kirk üçün planlaşdırılan anım mərasimi yerində əlində silah olan şəxs saxlanıldığını xəbər vermişdi.
Xatırladaq ki, Kirkə sui-qəsd sentyabrın 10-da baş verib. Həmin gün fəal Yuta ştatında universitetin kampusunda çıxış edirdi. Hadisə zamanı o, təxminən 180 metr məsafədən vurularaq boyun nahiyəsindən zərbə alıb. O, xəstəxanaya çatdırılsa da, sağ qala bilməyib.
Orxan Saffari
tag: Çarli Kirk,Qatil,Silah,Açıqlama,Todaypress.tv,
