Çexiya Ukraynaya 30 tank verməyi planlaşdırır

Dünya

08.10.2025 17:58

Çexiya hökuməti Ukraynaya 30 ədəd T-72M4CZ tankı verməyi planlaşdırır.

TodayPress TV "Ukrinform" a istinadən xəbər verir ki, Çexiyanın Baş Qərargah rəisi Karel Şehka hökumətə 30 ədəd T-72M4CZ tankının Ukraynaya təhvil verilməsini tövsiyə edəcək.

Hazırda bu tanklar VOP CZ dövlət şirkəti tərəfindən təmir olunur.

Məlumata görə, tankların modernləşdirilməsi qərarı Rusiya-Ukrayna müharibəsindən əvvəl qəbul edilib və onlar yeni texnika alınana qədər Çexiya ordusu tərəfindən istifadə olunmalı idi.

Hazırda Çexiya Silahlı Qüvvələri Almaniyanın Leopard 2A4 tankları ilə silahlanıb və Leopard 2A8 modellərinin alınması sürətləndirilib.

Karel Şehka bildirib ki, təmirə qoyulan vəsaiti geri qaytarmaq və “ölkənin təhlükəsizlik maraqlarına uyğun hərəkət etmək” üçün bu tankların Ukraynaya verilməsi məqsədəuyğundur.

Qeyd edək ki, Çexiya Baş naziri Petr Fiala daha əvvəl Ukraynaya 1,5 milyon iriçaplı patron göndəriləcəyini və ukraynalı pilotlara müasir döyüş təyyarələrində təlimlərin davam edəcəyini açıqlamışdı.

Jalə Rövşən

TodayPress TV

tag: Ukrayna,Çexiya,T-72M4CZ tankı,Leopard 2A4,Todaypress.tv,