Cənubi Koreyada zavodda yanğın baş verdi
Cənubi Koreyanın ikinci ən böyük təkər istehsalçısı olan "Kumho Tire Co" şirkətinin Qvanqju şəhərindəki zavodunda güclü yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli "Yonhap" agentliyi məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, yanğın yerli vaxtla saat 7:11 radələrində (Bakı vaxtı ilə 2:11) müəssisənin ərazisində baş verib. Daha sonra alov sürətlə bütün istehsalat binalarına yayılıb. Nəticədə, yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə 7:00) yanğın zavodun qərb hissəsinin 70%-ni, təxminən beş futbol meydançasına bərabər olan ərazini bürüyüb.
Cənubi Koreyanın Milli Yanğından Mühafizə Agentliyi yanğının söndürülməsinə kömək etmək üçün dərhal qonşu bölgələrdən canlı qüvvə və texnikanın gətirilməsinə icazə verərək, ölkə daxilində yanğınsöndürənləri səfərbər etmək əmri verib.
“Kumho Tire Co”nun mətbuat xidmətindən verilən məlumata görə, yanğınla əlaqədar zavodda istehsal dayandırılıb. Şirkət 400-ə yaxın işçinin müəssisənin ərazisindən təxliyə edildiyini bildirib. Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilsə də, onun həyatı üçün təhlükə yoxdur.
"Yanğının xam kauçuku qızdırmaq üçün istifadə olunan avadanlıqdan başladığı güman edilir" məqalədə qeyd edilir.
Yanğın hələ də tam olaraq söndürülməyib. Mütəxəssislər bunun bir neçə gün çəkəcəyini istisna etməyiblər.
Töhfə Səməd
tag: Cənubi Koreya,Kumho Tire Co,Yanğın,todaypress.tv,