Cənubi Koreya zenit raketinin modifikasiyasını hazırlayır

Dünya

19.09.2025 19:45

Koreya Respublikasının Müdafiə Alma Proqramı Agentliyi "M-SAM Block-III" adlı yeni orta mənzilli yer-hava raketinin hazırlanmasına başladığını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. 

Layihənin dəyərinin təxminən 624 milyon dollar olduğu bildirilir. Yeni sistemin əvvəlki versiyalara nisbətən daha uzaq məsafədə və daha yüksək hündürlükdəki hədəfləri aşkar edərək məhv etmək imkanına malik olacağı gözlənilir. "M-SAM Block-III" raketlərinin ABŞ istehsalı olan "PAC-3" sisteminə bənzər vəzifələri yerinə yetirəcəyi bildirilir. İnkişaf işlərinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

Yeni raket sistemi Cənubi Koreyanın çoxqatlı hava hücumundan müdafiə strategiyasının bir hissəsi olacaq. Hazırda bu sistemə 15 kilometrə qədər hündürlükdə və 40 kilometrə qədər məsafədəki hədəfləri vurmaq imkanına malik “Chongun-2”, həmçinin 60 kilometr məsafə və 60 kilometr yüksəklikdə hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş "yselL-SAM" (uzun mənzilli yer-hava raketi) sistemləri daxildir. "M-SAM Block-III" isə bu müdafiə qatları arasında orta səviyyəni təşkil edəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Cənubi Koreya,Raket,M-SAM Block-III,Müdafiə,Todaypress.tv,