Paşinyan: "Yaxın vaxtlarda Azərbaycan-Ermənistan arasında kommunikasiyalar açılacaq"

Dünya

03.10.2025 12:21

Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədə nəqliyyat yollarının açılmasının artıq qaçılmaz olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Ermənistanın dağ-mədən sənayesi” forumunda çıxışı zamanı danışıb.

"Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi, eləcə də regional infrastruktur və nəqliyyat əlaqələrinin açılması yaxın gələcəkdə baş tutacaq. Bu, sənaye üçün daha əlverişli mühit yaradacaq", – deyə Paşinyan vurğulayıb.

Baş nazir onu da qeyd edib ki, hökumət ölkənin əsas strateji sahələrindən biri olan mədənçıxarma sənayesinin davamlı inkişafına xüsusi önəm verir.

Qeyd edək ki, Paşinyan hökuməti Bakı ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək iki nəqliyyat marşrutu təklif edir:

Dəmir yolu – Bu marşrutun Meğri dəmir yolu xətti ilə keçəcəyi planlaşdırılır. Yol Bakıdan Horadiz vasitəsilə Meğriyə, oradan Ordubad və İranın Culfa şəhərinə, daha sonra Naxçıvana çatacaq. Yolun uzunluğu müxtəlif hesablamalara görə 41-48 km arasında dəyişir.

Avtomobil yolu – Alternativ olaraq Qarahuncdan Anqeqakota birbaşa avtomobil yolu çəkilməsi nəzərdə tutulur.

Yolun uzunluğu 48 km-dən bir qədər çox ola bilər. Bu yol, həmçinin dəmir yolu ilə paralel marşrut üzrə də çəkilə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,Nikol Paşinyan,Nəqliyyat,Yol,Todaypress.tv,