Braziliya rəsmisi: "ABŞ-nin İran zərbələri nüvə silahı yarışını sürətləndirə bilər"
Dünya
23.06.2025 02:00
ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-i gecə vaxtı İranda nüvə obyektlərinə endirdiyi zərbələr, dünyanın bir çox ölkəsində hakimiyyətləri öz təhlükəsizliyi naminə nüvə silahı hazırlamağa sövq edə bilər.
TodayPress TV xəbər verir ki, bu fikirlə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selsu Amorim çıxış edib.
Amorim bildirib ki, ABŞ-nin bu hücumları əslində Ağ Evin əsas məqsədinə – digər ölkələrin "kütləvi ölüm silahı" əldə etməsinin qarşısını almağa zidd təsir göstərəcək:
“Amerikalılar əslində ölkələri nüvə silahı yaratmağa itələyirlər. Bu halda cavab reaksiyası çox ciddi olacaq”, - deyə braziliyalı diplomat xəbərdarlıq edib.
Amorim onu da vurğulayıb ki, ABŞ rəhbərliyinin bu cür addımları nəzarətdən çıxan təhlükəli bir vəziyyətin yaranmasına səbəb olur:
“Bu sözləri Braziliya hökuməti adından demirəm. Amma hesab edirəm ki, hazırda çox təhlükəli bir mərhələdən keçirik”.
Qeyd edək ki, Braziliya rəsmiləri ilk dəfə olaraq ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını rəsmi şəkildə şərh ediblər. Ölkənin kənd təsərrüfatının inkişafı naziri Paulo Teyşeyra bildirib ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq hüquq normalarını və ABŞ qanunlarını pozub.
ABŞ-nin son hərbi addımlarına qarşı tənqidlər yalnız Braziliyadan deyil, həmçinin Boliviya, Venesuela, Kuba və Çili rəhbərliyindən də səsləndirilib.
Töhfə Səməd
tag: ABŞ ,İran,Nüvə,Brazilya,Etiraz,todaypress.tv,