BMT: “İsrail Qəzzanı ilhaq planlarını dərhal dayandırmalıdır”
Dünya
08.08.2025 12:33
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk, İsraili Qəzza zolağının tamamilə işğalı və ilhaqı planlarından dərhal imtina etməyə çağıraraq bu addımın beynəlxalq hüquqa zidd olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Yle” məlumat verib.
Volker Türkün bəyanatında qeyd olunur ki, İsrailin bu planları BMT tərəfindən dəstəklənən Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ildə qəbul etdiyi qərarla ziddiyyət təşkil edir. Həmin qərarda Fələstin ərazilərinin işğalı qanunsuz elan olunmuş və İsraildən işğalçılıq siyasətinə son qoyması tələb edilmişdi.
Komissar xəbərdarlıq edib ki, Qəzzada vəziyyətin daha da gərginləşməsi ölüm hallarının artmasına, miqyaslı köçkünlüyə və humanitar fəlakətin dərinləşməsinə gətirib çıxara bilər.
Türk İsrailə çağırış edərək, Qəzzaya humanitar yardımların daxil olmasına icazə verilməsini və mülki insanların müdafiəsi üçün bütün mövcud imkanların səfərbər edilməsini tələb edib.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu verdiyi bəyanatda İsrailin Qəzzaya tam nəzarəti ələ keçirməyə qərarlı olduğunu bildirib.
Aysel Mətləb
tag: BMT,İsrail,Qəzza,Qərar,Todaypress.tv,