BMT: Humanitar yardım toplana bilmədiyinə görə insanlar ölür

Dünya

27.05.2025 15:47

3

Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar yardım üzrə koordinatoru Tom Fletçer bildirib ki, təşkilat bu il üçün tələb olunan 46 milyard dollarlıq yardımın yalnız 10 faizini toplaya bilib.

TodayPress TV "Yle"yə istinadən xəbər verir ki, Fletçer bu barədə Finlandiyaya səfəri zamanı açıqlama verib.

Hazırda BMT-nin humanitar məsələləri əlaqələndirən OCHA qurumuna rəhbərlik edən Fletçer əlavə edib ki, yardımların azalmasının arxasında həm ideoloji səbəblər, həm də müdafiə xərclərinə yönəlik prioritetlər dayanır. Onun sözlərinə görə, beynəlxalq humanitar yardımın təəssübkeşi olmaq istəməyən ölkələr, o cümlədən ABŞ yardımları kəskin şəkildə azaldıb.

“Biz maliyyə çatışmazlığından əziyyət çəkirik, hücumlara məruz qalırıq və həddindən artıq yüklənmişik. İnsanlar yardımların azalması səbəbindən həyatlarını itirirlər”, - deyə Fletcher vurğulayıb.

BMT bu il 310 milyon insanın humanitar yardıma ehtiyac duyduğunu, onlardan 190 milyon nəfərin isə təcili yardım tələb etdiyini bildirir. Bu ehtiyaclar əsasən yemək, su, tibbi ləvazimat, sığınacaq və ilkin səhiyyə xidmətlərini əhatə edir.

Fletçer qeyd edib ki, Avropa ölkələrinin yardım büdcələrinin azalması da Ukrayna müharibəsi ilə bağlı müdafiə xərclərinin artması fonunda baş verib.

“Sual yaranır ki, humanitar yardımın hüquqi əsasları nə dərəcədə qorunur? İnsanlara çatdırdığımız hər bir dolların faydalı olduğunu sübut etməliyik”, – deyə o əlavə edib.

Fletçr hazırda "humanitar reset" adlandırılan yanaşma ilə daha effektiv və lokal fəaliyyətə keçidi təşviq edir. Bu yanaşma yerli təşkilatların rolunu artırmaq, resurs israfını azaltmaq və insanların həyatını xilas etməyə yönəlmək məqsədi daşıyır.

OCHA hazırda dünyanın 20 ən ciddi humanitar böhran bölgəsinə diqqət ayırır. Media diqqətinin azalması yardım marağını da zəiflədir. Misal üçün, Haiti, Sahel və Konqo Demokratik Respublikasında davam edən böhranlar az diqqət gördüyü üçün maliyyə dəstəyi də aşağı səviyyədədir. Ən ağır vəziyyət isə Sudanda müşahidə olunur – orada 30 milyondan çox insan müharibə səbəbindən yardıma möhtacdır.

“Çox zaman jurnalistlər bu bölgələrə daxil ola bilmir. Məsələn, Qəzza zolağına. Bu səbəbdən də ictimaiyyətin marağını qorumaq çətinləşir. Bizim işimiz bu səsi çatdırmaq və qlobal həmrəylik hissini itirməməkdir”, - deyə Fletçer xəbərdarlıq edib.

Töhfə Səməd

tag: BMT,Humanitar,Yardım,Tom Fletçer,todaypress.tv,