Putin: “Üçüncü Dünya müharibəsi riski artır”
Dünya
21.06.2025 11:14
Rusiya Prezidenti Vladimir Putin Ukrayna və Yaxın Şərqdəki hadisələrin Üçüncü Dünya müharibəsi ehtimalını artırdığını bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı danışıb.
O, bu vəziyyətdən narahat olduğunu deyib və İran ilə İsrail arasında başlayan münaqişənin dayandırılması üçün hər iki tərəflə danışıqlar apardıqlarını açıqlayıb.
"Tam səmimiyyətlə və ironiya etmədən deyirəm: əlbəttə, böyük bir müharibə potensialı var və bu potensial getdikcə artır. Üstəlik, bu təhlükə qapımızdadır və bizi birbaşa təsir edir", - deyə Putin diqqətə çatdırıb.
Putinin gündəmində İsrail-İran qarşıdurması da olub. O, Rusiyanın İranın dinc məqsədli nüvə proqramını dəstəklədiyini və regionda artan gərginliyin azaldılması üçün həm İran, həm də İsraillə təmasda olduqlarını qeyd edib. Lakin Rusiya tərəfinin vasitəçilik iddiasında olmadığını vurğulayıb:
"Biz hər iki tərəfə mövqeyimizi çatdırırıq – bildiyiniz kimi, həm İsrail, həm də İran rəsmiləri ilə daimi əlaqədəyik. Bəzi təkliflərimiz var. Amma xüsusilə qeyd etmək istəyirəm: biz heç bir halda vasitəçilik etmək niyyətində deyilik. Yalnız fikirlərimizi bölüşürük. Əgər bu təkliflər hər iki tərəfə uyğun gələcəksə, biz yalnız məmnun olarıq".
Töhfə Səməd
tag: Rusiya ,Vladimir Putin,Ukrayna ,Yaxın Şərq,İran,İsrail,todaypress.tv,