Baltik dənizində “GPS” kəsintiləri: Rusiya şübhəli qismində
Dünya
05.09.2025 11:26
Baltik dənizi üzərində “GPS” siqnalları demək olar ki, hər gün pozulur və buna görə Rusiya ittiham edilib.
TodayPress TV xəbər verir ki, bu barədə İsveç Nəqliyyat Agentliyi məlumat verib.
Qurumun məlumatına görə, 2025-ci ildə indiyədək 733 hadisə qeydə alınıb. Halbuki 2023-cü ildə cəmi 55 fakt müşahidə olunmuşdu.
“GPS” kəsintilərinin həm hava, həm də dəniz nəqliyyatına təsir etdiyi, siqnalların isə Rusiya ərazisindən qaynaqlandığı açıqlanıb. Agentliyin rəhbəri Andreas Holmgren vəziyyəti “ciddi” adlandıraraq, bunun mülki aviasiya üçün təhlükə yaratdığını deyib.
Qeyd edək ki, qurum Rusiyadan müdaxilələri dayandırmağı tələb etsə də, isveçli rəsmilərə görə, əksinə, bu cür hallar artmaqda davam edir.
Kreml isə iddiaları “dezinformasiya” adlandıraraq rədd edib.
Xatırladaq ki, yaxın günlərdə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin təyyarəsi də “GPS” qarışıqlığından təsirlənib və pilotlar enişi kağız xəritələrlə etmək məcburiyyətində qalıblar. Brüssel bunu “Rusiyanın açıq müdaxiləsi” kimi qiymətləndirib.
Aysel Mətləb
tag: Baltik dənizi,GPS,Rusiya,İsveç Nəqliyyat Agentliyi,Todaypress.tv,