ABŞ Medinskinin Ukrayna üzrə danışıqlarda iştirakına qarşı çıxdı: Səbəb nədir?

Dünya

23.05.2025 14:20

Amerikalı rəsmilər Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Ukrayna ilə bağlı danışıqlarda iştirakına etiraz ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.

ABŞ tərəfi Moskva nümayəndə heyətinə sərt tərəfdarların, xüsusən də Medinskinin, danışıqlarda iştirak etməsini arzu olunmaz hesab etdiklərini bildirib.

Xatırladaq ki, Medinski 2022-ci ildə İstanbulda keçirilmiş sülh danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri olub.

Buna baxmayaraq, Vladimir Medinski danışıqlara hazır olduqlarını və kompromislərə açıq olduqlarını bəyan etmişdi.

O, İstanbul görüşündən sonra rusiyalı və ukraynalı nümayəndələrin “1000 nəfərə 1000 nəfər” prinsipi ilə əsir mübadiləsi barədə razılığa gəldiklərini də açıqlamışdı.

Medinski bu il də, 16 may 2025-ci ildə İstanbulda keçirilən sülh danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edib. Onunla yanaşı, nümayəndə heyətində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah İdarəsinin rəhbəri İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də yer alıb.

2023-cü ilin yayında Medinski Qərb ölkələrini Ukrayna üzrə sülh danışıqlarını pozmaqda ittiham etmişdi. O bildirmişdi ki, həm Rusiya, həm də Ukrayna daimi neytrallıq və təhlükəsizlik zəmanətləri barədə razılığa yaxın idilər, lakin Qərb bu razılaşmanın qarşısını alıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Vladimir Medinski sadəcə bir məmur deyil, o, dövlət xadimidir və danışıqlarda mühüm rola malikdir.

Töhfə Səməd

tag: Amerika,Rusiya,Vladimir Putin,Vladimir Medinski,Ukrayna ,todaypress.tv,