Avropa may ayında LNG idxalında rekorda imza atdı

Dünya

02.06.2025 09:40

Avropa İttifaqı may ayında mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üzrə bütün dövrlərin rekordunu müəyyən edib. Bu, ardıcıl üçüncü aydır ki, Aİ LNG tədarükü üzrə tarixi maksimumları yeniləyir.

TodayPress TV xəbər verir ki, “Gas Infrastructure Europe” (GIE) təşkilatının məlumatına əsasən, may ayında Avropadakı LNG terminallarından Aİ-nin qaz nəqliyyat sisteminə 12,8 milyard kubmetr qaz daxil olub. 

Bu, apreldəki göstəricidən 0,7%, ötən ilin may ayına nisbətən isə 38% çoxdur. Qeyd edilən həcmlə Avropa LNG idxalında növbəti dəfə yeni tarix yazıb. Əvvəlki maksimum 2025-ci ilin aprelində (12,7 milyard kubmetr) qeydə alınmışdı.

Ümumilikdə yanvar-may aylarında Avropa qaz sisteminə LNG daxilolmaları 59,5 milyard kubmetrə çatıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17% artım deməkdir.

Avropa üçün 2025-ci ildə LNG tədarükü qaz mənbələri arasında liderlik edir, bu mənbənin payı 38%-ə bərabərdir. İkinci yerdə əsasən Norveçdən gələn Şimal dənizi qazı dayanır (24,7%), üçüncü yerdə isə qaz anbarlarından çıxarılan ehtiyatlar gəlir (17,8%). Bu göstəricilər “ENTSOG” (Avropa Qaz Nəqliyyat Operatorları Şəbəkəsi) tərəfindən 30 may tarixinə təqdim olunub.

Qiymət Mahir

tag: Avropa İttifaqı,LNG,Aİ,Təbii qaz,todaypress.tv,