ABŞ–Rusiya görüşü Ukrayna münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər
Dünya
10.08.2025 21:00
"15 avqustda Alyaskada baş tutacaq ABŞ və Rusiya prezidentlərinin görüşü Ukraynada sülhün təmin olunması istiqamətində mühüm dönüş nöqtəsinə çevrilə bilər".
TodayPress TV xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini deyib.
“Bu, Ukraynada sülhə aparan həll yolunun axtarışında əlamətdar addımdır. ABŞ-Rusiya sammiti döyüşlərin dayandırılması üzrə danışıqlarda dönüş anı ola bilər. Məqsəd atəşkəs elan edilməsi, ardından isə müharibənin başa çatdırılması və Ukraynanın müharibədən sonrakı quruluşu ilə bağlı danışıqlara başlamaqdır”, – deyə Pelleqrini "TASR" informasiya agentliyinə bildirib.
Slovakiya lideri hesab edir ki, Rusiya və Ukrayna arasında danışıqlar maksimum intensivliklə, ABŞ və Avropa İttifaqının vasitəçiliyi və iştirakı ilə aparılmalıdır. “Avropanın təhlükəsizliyi hazırda təhdid altındadır. Qitədə sülhün təmin olunması işinə Rusiya da daxil olmaqla bütün ölkələr qatılmalıdır”, – deyə o vurğulayıb.
Pelleqrininin fikrincə, Ukrayna münaqişəsinin tərəflərinin zəruri kompromisə nail olması çətin olacaq. Onun sözlərinə görə, ABŞ-Rusiya sammiti beynəlxalq gərginliyin azalması üçün əsas yarada bilər.
Töhfə Səməd
tag: Alyaska,ABŞ ,Rusiya , Peter Pelleqrini,Todaypress.tv,