Avropa Komissiyasının binası boşaldıldı
Dünya
03.06.2025 16:52
Brüsselin Avropa kvartalında yerləşən Avropa Komissiyasının binası şübhəli paket səbəbilə təxliyə edilib, ərazi polis tərəfindən mühasirəyə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Hadisə yerli vaxtla saat 13:55-də qeydə alınıb. Avropa Komissiyasının əməkdaşlarına göndərilən xəbərdarlıq mesajında deyilir:
“Polis müdaxiləsi. Loi 65 qarşısında şübhəli əşya aşkarlanıb. Pəncərələrdən uzaq durun, bu ərazidən uzaqlaşın”.
Əsasən Avropa institutlarının yerləşdiyi Rue de la Loi küçəsi avtomobil və piyada hərəkətinə bağlanıb. Bu küçə Brüsselin mərkəzində, Berlemon binasının — Avropa Komissiyasının baş qərargahının yaxınlığından keçir.
Hadisədən 25 dəqiqə sonra, saat 14:20-də ərazidə təhlükənin aradan qalxdığı bildirilib və normal fəaliyyət bərpa olunub. Nəşrin yazdığına görə, araşdırma zamanı əraziyə polis və yanğınsöndürmə briqadaları cəlb edilib. Xüsusilə DG CONNECT – Avropa Komissiyasının rəqəmsal texnologiyalarla bağlı bölməsinin yerləşdiyi Kopernikus binası polis tərəfindən evakuasiya olunub.
Qeyd edək ki, bu insidentdən əvvəl Almaniyanın Köln şəhərində İkinci Dünya müharibəsindən qalma üç partlamamış bomba aşkarlanmış və 20 min nəfər təxliyə olunmuşdu.
Qiymət Mahir
tag: Avropa,Bina,AK,Brüssel,todaypress.tv,