Almaniyada qaçqın ailələrinə qadağa

Dünya

25.05.2025 20:45

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt, ölkəyə bəzi qaçqınların ailə üzvlərinin gəlməsini iki il müddətinə dayandırmaq istəyir.

TodayPress TV xəbər verir ki, o, bu barədə yeni qanun layihəsi hazırlayıb və hökumətin mayın 28-də bu layihəni qəbul edəcəyi gözlənilir.

Yeni qanuna görə, əlavə müdafiə statusu alan şəxslərin ailə üzvləri yəni həyat yoldaşı və azyaşlı uşaqları Almaniyaya gələ bilməyəcək. İndiyə qədər bu şəxslərin ayda 1000 ailə üzvü Almaniyaya köçə bilirdi. Amma indi bu imkana son qoyulacaq.

Nazir bildirib ki, bu qərar Almaniyanı miqrantlar üçün daha az cəlbedici etmək məqsədi daşıyır və ölkənin miqrasiya siyasətində dəyişikliklərin başladığını göstərir.

Bildirilir ki, yalnız çox xüsusi və ağır hallarda istisnalar ediləcək. Bundan başqa, miqrantlar üçün nəzərdə tutulan inteqrasiya kursları da artıq əvvəlki kimi məcburi olmayacaq. Bu dəyişikliklərlə Almaniya hökuməti ildə 4 milyon avroya qənaət etməyi planlaşdırır.

Hazırda Almaniyada 350 mindən çox əlavə müdafiə hüququ olan insan yaşayır. Onların əksəriyyəti Suriyadan və Əfqanıstandandır. Tam qaçqın statusu alanların ailə üzvləri isə ölkəyə gəlməyə davam edə biləcək.

Türkan İsgəndərli

tag: Almaniya,Qaçqın,Miqrant,Qadağa,todaypress.tv,