Almaniya Ukraynaya 2 milyard dollarlıq hərbi yardım paketi ayırır

Dünya

15.10.2025 21:40

Almaniya Ukraynaya ümumi dəyəri təxminən 2,12 milyard ABŞ dolları olan hərbi yardım paketi təqdim edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, yardım paketinə ballistik raket əleyhinə sistemlər (ABM), ən müasir radar texnologiyaları və döyüş sursatları daxil olacaq.

O, həmçinin Almaniyanın PURL proqramında iştirak etdiyini və bu təşəbbüs çərçivəsində 500 milyon dollarlıq sərmayə yatırdığını açıqlayıb. Nazir əlavə edib ki, yardım paketi Ukraynanın prioritet müdafiə ehtiyaclarını qarşılamağa yönəlib.

Bununla yanaşı, son günlər digər Avropa ölkələri də Kiyevə yeni dəstək planlarını açıqlayıb. Norveç hökuməti gələn il Ukraynaya hərbi və mülki yardım üçün təxminən 7,23 milyard dollar (85 milyard Norveç kronu) ayırmağı planlaşdırır. Belçika isə 2026-cı il büdcəsi çərçivəsində Ukraynaya təxminən 1,06 milyard dollar dəyərində yardım paketi hazırlayır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Almaniya,Ukrayna,Yardım,Hərbi,Todaypress.tv,