Lukaşenko: “Minskdə Si Cinpinə abidə qoymaq olar”
Dünya
08.06.2025 21:30
Belarus prezidenti Aleksandr Lukaşenko 7 iyun tarixində Milli Futbol Stadionunun açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpinə heykəl qoyulmasını təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.
Lukaşenko bildirib ki, Çin səfəri zamanı Si Cinpin ona beynəlxalq səviyyəli üzgüçülük hovuzu və futbol stadionunun maketlərini təqdim edərək, bu obyektlərin Belarus xalqına hədiyyə olacağını söyləyib.
“Əvvəlcə inanmadım, çünki Çin və çinliləri yaxşı tanıyıram. Amma sonra düşündüm ki, çinlilər boşuna danışmazlar. Xüsusilə də birinci şəxs”, – deyə Lukaşenko bildirib.
Qısa müddətdə Minskdə həm stadion, həm də beynəlxalq standartlara cavab verən yeni üzgüçülük hovuzu tikilib. Prezidentin sözlərinə görə, bu obyektlər tamamilə Çin tərəfindən maliyyələşdirilib:
“Orada bir qəpik də belarus pulu yoxdur”.
Lukaşenko stadionun qarşısında Belarus və Çin futbolçularının təsvir edildiyi heykəltəraşlıq kompozisiyasına işarə edərək əlavə edib:
“Mən dedim ki, buraya mənim dostum Si Cinpinə abidə qoymaq yerinə düşərdi. Çünki bu stadion yalnız onun sayəsində, Çin xalqının hesabına tikildi. Nazir də dedi ki, Avropada belə nümunələr nadirdir”.
Qiymət Mahir
tag: Çin,Belarus,Lukaşenko,Si Cinpin,todaypress.tv,