ABŞ Livanda "Hizbullah"ın tərksilahını müzakirə edir

Dünya

07.07.2025 13:16

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak Beyruta səfər edib. O, Livan rəhbərliyi ilə Hizbullahın silahları təhvil verməsini və Livan-İsrail münasibətlərinin tənzimlənməsini nəzərdə tutan yol xəritəsini müzakirə edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Barak səfəri çərçivəsində ölkə prezidenti Cozef Aun, baş nazir Navaf Salam, parlament sədri Nəbih Berri və xarici işlər naziri Yusif Raci ilə görüşəcək.

Livan hökuməti ABŞ-dən İsrail qoşunlarının cənub Livanda nəzarətdə saxladıqları 5 bölgədən çıxarılması üçün zəmanət gözləyir. Livan tərəfi 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasının İsrail tərəfindən pozulduğunu, bu səbəbdən zərərçəkmiş ərazilərin bərpasına başlaya bilmədiklərini bildirib.

Barak bundan əvvəl, iyunun 19-da Livana etdiyi səfərdə "Hizbullah"ın silahlarını Livan ordusuna təhvil verməsi üçün konkret vaxt cədvəli təklif edib və bu prosesin 2024-cü ilin noyabrına qədər tamamlanmasını istəyib.

Danışıqlarda digər mövzulara Suriya ilə sərhədin müəyyənləşdirilməsi, beynəlxalq yardım və hökumət islahatları da daxildir.

Türkan İsgəndərli

tag: ABŞ,Livan,Yaxın Şərq,Hizbullah,