ABŞ kəşfiyyatı: İran nüvə silahı yaratmağa aktiv şəkildə can atmır

Dünya

17.06.2025 13:36

ABŞ kəşfiyyatı hesab edir ki, İran İslam Respublikası nüvə silahı yaratmağa aktiv şəkildə can atmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN " məlumat yayıb.

Telekanal xatırladır ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar rəsmi Tel-Əviv tərəfindən Tehranın nüvə silahı əldə etmə ehtimalı ilə əsaslandırılıb. Lakin ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İran nüvə silahı istehsalına dair fəal addımlar atmayıb.

Nəşr əlavə edib ki, Tehranın belə bir silahı istehsal etməsi və hədəfə çatdırması üçün azı üç il vaxt tələb oluna bilər.

Telekanala danışan mənbələrdən biri bildirib ki, İsrailin İranın nüvə obyektlərinə hücumları bu ölkənin nüvə proqramını yalnız bir neçə ay geri sala bilər. Məlumata görə, İsrail Natanzdakı uranın zənginləşdirilməsi obyektinə ciddi ziyan vurub, lakin Fordodakı obyekt demək olar ki, salamat qalıb. Hərbi ekspertlərin fikrincə, İsrail həmin möhkəmləndirilmiş obyektə yalnız ABŞ-nin xüsusi silahları və hava dəstəyi ilə zərər vura bilər.

"CNN" qeyd edib ki, ABŞ prezidenti Donald Tramp artıq ölkəsinin İsrailin İranın nüvə obyektlərinə qarşı kampaniyasına qoşulmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.

Töhfə Səməd

tag: ABŞ ,İran,Nüvə,İsrail,todaypress.tv,