Zəhra Pezeşkian: “Uşaqlar üçün təhlükəsiz rəqəmsal dünya birgə məsuliyyətdir”

Cəmiyyət

23.12.2025 11:12

“Beynəlxalq əməkdaşlıq və uyğunlaşdırılmış yanaşmalar olmadan rəqəmsal risklərin qarşısını almaq mümkün deyil”.

TodayPress TV xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, milli səylərin gücləndirilməsi və təcrübə mübadiləsi üçün qlobal çərçivənin yaradılması vacibdir ki, ölkələrin uğurlu nailiyyətləri paylaşılaraq beynəlxalq əməkdaşlıq daha səmərəli hala gətirilsin.

Zəhra Pezeşkian vurğulayıb ki, milli və beynəlxalq səviyyədə uyğunlaşdırılmış qanunvericiliyin qəbul edilməsi ilə yanaşı, məktəblərdə və yerli icmalarda media savadlılığı üzrə təhsil proqramlarına davamlı investisiyaların yönəldilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu yanaşma uşaqların və valideynlərin məlumatlandırılması və gücləndirilməsi baxımından mühüm rol oynayır.

Çıxışında texnoloji platformaların məsuliyyətinə də toxunan Zəhra Pezeşkian qeyd edib ki, şirkətlər rəqəmsal platformalarda istifadəçilərin əl ilə tənzimləməsindən asılı olmayan, əvvəlcədən qurulmuş təhlükəsizlik alətlərini — o cümlədən ağıllı filtrləmə və yaşa görə məzmun təsnifatı mexanizmlərini dizayn etməli və tətbiq etməlidir.

O əlavə edib ki, valideynlərin uşaqların onlayn fəaliyyətlərinə məsuliyyətli nəzarətinin təşviqi məqsədilə praktiki təlimlərin keçirilməsi və dəstək alətlərindən istifadənin genişləndirilməsi vacibdir. Bu yanaşma azad çıxışla təhlükəsizlik arasında sağlam balansın yaradılmasına xidmət edir.

Zəhra Pezeşkian çıxışını belə yekunlaşdırıb:

“Uşaqlarımız təkcə internet istifadəçiləri deyil, həm də gələcək dünyanın memarlarıdır. Gəlin, elə bir dünya quraq ki, orada rəqəmsal məkan təhlükəyə aparan yol deyil, inkişaf və tərəqqiyə aparan körpü olsun. Biz birlikdə hər bir uşağın təhlükəsiz və ədalətli rəqəmsal dünyaya sahib olmaq hüququnu təmin edə bilərik”.

Qiymət Mahir

TodayPress TV

tag: Zəhra Pezeşkian,Bakı,Səfər,Tədbir,Todaypress.tv,