Uşaqlarda boy artımı niyə zəifləyib? – Pediatrdan açıqlama
Cəmiyyət
21.10.2025 16:11
Son illərdə ölkəmizdə uşaqlarda boy artımının zəifləməsi müşahidə olunur. Mütəxəssislər bu halı müxtəlif səbəblərlə izah edirlər. Bəziləri bunu genetika, digərləri isə xroniki xəstəliklər və qidalanma pozğunluqları ilə əlaqələndirir.
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən pediatr Aytən Ziyadova bildirib ki, bu məsələyə kompleks şəkildə yanaşmaq lazımdır, çünki boy artımına eyni anda bir neçə amil təsir göstərir:
"Genetik faktorlar uşaqların boy uzunluğunun ən mühüm təyinedicisidir. Uşağın boyu çox zaman valideynlərinin boyuna yaxın olur. Həmçinin müəyyən genetik mutasiyalar da boy inkişafını məhdudlaşdıra bilər. Məsələn, "Turner" sindromu və ya "Prader-Willi" sindromu kimi xəstəliklər böyümə hormonlarının ifrazını poza bilər".
Pediatrın sözlərinə görə, xroniki xəstəliklər və düzgün qidalanmama da uşaqlarda inkişaf geriliyinə səbəb olur:
"Xüsusilə zülal və digər vacib qida maddələrinin çatışmazlığı erkən yaş dövrlərində boy artımını ləngidir. Böyümə hormonunun az ifrazı və ya tiroid hormonları ilə bağlı problemlər (hipotiroidizm) də bu prosesə mənfi təsir göstərir".
Həkim əlavə edib ki, uzunmüddətli infeksiyalar, astma, xroniki bronxit, qanazlığı, həmçinin böyrək və qaraciyər xəstəlikləri də bədənin maddələr mübadiləsini pozaraq böyümə prosesini zəiflədə bilər:
"Bu orqanların fəaliyyətindəki pozuntular hormon ifrazına təsir edir, nəticədə isə uşağın boyu normadan geri qalır. Buna görə valideynlər uşağın fiziki inkişafını daim izləməli, zərurət olduqda endokrinoloq və pediatra müraciət etməlidirlər", - deyə Aytən Ziyadova qeyd edib.
Türkan İsgəndərli
tag: Uşaq,Boy,Artım,Zəifləmə,Todaypress.tv,
