Sosial müdafiəyə dəstək gücləndiriləcək – AÇIQLAMA

Cəmiyyət

22.05.2025 11:02

7

“Yaşayış minimumu haqqında” qanununda dəyişikliklərə əsasən tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.

TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bundan öncə mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi.

Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq.

Deputat bildirib ki, 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il təsdiq olunacaq.

“Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir” Vüqar Bayramov  fikrini yekunlaşdırıb. 

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Sosial,Müdafiə,Todaypress.tv,

photo