Kəramət Böyükçöldən partiya sədrinə: “Gedib soruşun, detektiv əsər oxuyub adam öldürüb?!”

Cəmiyyət

23.05.2025 16:01

96

“Cinayətə meyilli gənc hara, kitab hara? Detektiv əsər oxuyan gənclər necə cinayətə meyillənə bilər?!"

Yazıçı Kəramət Böyükçöl detektiv əsərlərin gənclərə pis örnək olduğunu iddia edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikirlərini TodayPress TV-yə şərh edərkən bildirib.   

Yazıçının sözlərinə görə, gəncləri cinayətə sürükləyən səbəb detektiv kitablar deyil, tamamilə fərqli sosial və psixoloji amillərdir: 

“Gənclər kitab oxuyurlar ki, detektiv yazılan əsərlərə görə də cinayətə meyillənsinlər?! Sərdar Cəlaloğlu özündə hər şey haqqında fikir bildirməyə ehtiyac hiss edə bilər. Düz fikir də bildirə bilər. Amma nə qədər cinayət törədən gənclər var. Gedib onlardan soruşsaq ki, bunu detektiv əsər oxuyub, etmisiniz? Görəcəyik ki, onlar nəinki detektiv əsər, heç bir kitab belə oxumayıblar. Bu, heç ciddi söhbət deyil”.   

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun bir neçə gün öncə TodayPress TV-də yayımlanan “Əks Təsir” müsahibə layihəsində son zamanlar məktəbli və yeniyetmələr arasında cinayət hallarının artmasına səbəb kimi detektiv janrında yazılan əsərləri göstərib. 

 “Çingiz Abdullayev fəxr edir ki, kitabları 100 milyonlarla nüsxə satılır. O bir dənə də milli-mənəvi dəyərlərlə bağlı kitab yazmayıb. Yazdığı ancaq cinayətkarlıqla bağlıdır. Sonra da deyirlər ki, cəmiyyət niyə zorakılığa meyillənir. Ona görə də zorkılıqla bağlı bütün əsərlər qadağan olunmalıdır” deyə o vurğulayıb. 

Türkan İsgəndərli

tag: Kəramət Böyükçöl,Yazıçı,Sərdar Cəlaloğlu,Cavab,Todaypress.tv,