Tıxacların qarşısını necə almaq olar?
Cəmiyyət
10.09.2025 15:05
Sentyabr ayının başlaması ilə paytaxt Bakıda tıxaclar yenidən geniş vüsət almağa başlayıb.
Prezident İlham Əliyevin yanvar ayında imzaladığı sərəncamla təsdiqlənən "2025-2030-cu illərdə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nda bu problemin həlli yollarından biri kimi dövlət orqanlarında, təhsil və tibb müəssisələrində dəyişkən iş qrafiklərinin tətbiqi nəzərdə tutulur.
Bəs bu qaydalar nə vaxt tətbiq olunacaq və iş qrafikləri necə təyin olunmalıdır?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı bildirib ki, Bakıda tıxac probleminin əsas səbəblərindən biri bütün dövlət qurumları, məktəblər və digər müəssisələrin eyni vaxtda işə başlaması və eyni saatda iş gününü bitirməsidir.
“Bütün iş yerləri və təhsil müəssisələri eyni vaxtda fəaliyyətə başladı üçün nəqliyyatın üzərinə böyük yük düşür”.
"Artıq Bakıda vəziyyət acınacaqlı hala gəlib. Nəqliyyatda və insanların hərəkətində həddən artıq sıxlıq müşahidə olunur ki, bu da çox ciddi problemlərə səbəb olur. Bütün iş yerləri və təhsil müəssisələri eyni vaxtda fəaliyyətə başladığı üçün nəqliyyatın üzərinə böyük yük düşür, yollarda uzun tıxaclar yaranır, metrolarda və avtobuslarda həddindən artıq sıxlıq müşahidə edilir. Bu vəziyyətdən çıxış yollarından biri iş saatlarının müxtəlif müəssisələr üzrə bir-iki saat sürüşdürülməsidir. Belə olduqda isə sərnişinlərin hərəkəti müəyyən qədər paylanar və gərginlik azalar".
“Əsas həll yolu isə metro stansiyalarının sayının artırılmasıdır”.
Ekspert əlavə edib ki, tıxac probleminin tam həlli üçün nəqliyyat infrastrukturunun inkişafı da vacibdir:
"Şəhərin əhalisi sürətlə artır və insanların böyük əksəriyyəti eyni vaxtda hərəkət edir. Bu isə mövcud nəqliyyat sisteminin imkanlarını aşır. İş qrafiklərinin dəyişdirilməsi yalnız müvəqqəti rahatlıq gətirə bilər. Əsas həll yolu isə metro stansiyalarının sayının artırılması, tramvay və trolleybus xətlərinin bərpası, şəhərətrafı elektrik qatarlarının və hətta dəniz nəqliyyatının təşkili ilə bağlıdır".
Elçin Bayramlı qeyd edib ki, regionların inkişafı dəstəklənməli, insanların paytaxtdan kənarda yaşayıb-işləməsinə imkan yaradılmalıdır. Şəhərdə tikinti siyasəti də nəqliyyat axını nəzərə almaqla aparılmalı, bəzi ərazilərdə yüklənmənin qarşısı alınmalıdır.
Türkan İsgəndərli
tag: Elçin Bayramlı,Sosioloq,Tıxac,Problem,Todaypress.tv,
