Regionlara səyahətə maraq artır - Hansı rayonlara üstünlük verilir?

Cəmiyyət

30.10.2025 16:57

Payız fəsli Azərbaycanda turizmin ən gözəl və canlanma dövrlərindən biri hesab olunur. Sərin və mülayim hava, təbiətin qızılı və narıncı rənglərə bürünməsi ölkənin müxtəlif bölgələrinə olan marağı artırır.

Bəs payız aylarında Azərbaycan turizm sahəsi necə inkişaf edir?

Turizm eksperti Ceyhun Aşurov mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, payız aylarında həm istirahət, həm də sağlamlıq məqsədilə regionlara səfər edənlərin sayı artır:

Onun sözlərinə görə, bu mövsümdə qiymətlər yay aylarına nisbətən daha münasib olur:

"Sağlamlığın bərpası, təbiət qoynunda zaman keçirmək və ya sadəcə sakitlik axtaranlar üçün payız çox əlverişli fəsildir. Azərbaycanın cənub bölgəsində sitrus plantasiyalarına, şimal bölgəsində isə meşə və dağ mənzərələrinə maraq xüsusilə böyükdür".

Ekspert əlavə edib ki, bu dövrdə ölkənin müxtəlif bölgələrində, xüsusilə Quba, Qusar, Lənkəran, Astara, Balakən, Zaqatala, Gəncə, Göygöl, Şəki, İsmayıllı və Qəbələ istiqamətlərində qısa və uzunmüddətli turlar təşkil olunur.

"Hər həftəsonu paytaxtdan regionlara bir və ya iki günlük turlar həyata keçirilir və bu turların alıcı sayı da xeyli artıb. Səyahətçilər daha çox təbiətə yaxın, meşəlik ərazilərə, göl kənarına və ya tarixi məkanlara üstünlük verirlər. Turların təşkilində və logistikasında turizm şirkətləri öncədən hazırlanırlar".

Ceyhun Aşurov qeyd edib ki, turizm şirkətləri payız mövsümünə öncədən hazırlaşır, marşrutları yeniləyir və yeni məkanları turlara əlavə edirlər:

"Bu fəsildə keçirilən nar, alma, xurma, fındıq festivalları da regionlara turist axınını artırır. Artıq bu festivallar illərdir davam edən bir ənənəyə çevrilib və həm yerli, həm də xarici turistlərin marağına səbəb olur", - deyə o vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Payız,Turizm,Turist,Cənub,Todaypress.tv,