Qəzənfər Musabəyov küçəsinə və parkına Nuru Paşanın adı veriləcək?

Cəmiyyət

23.12.2025 12:29

“Bakıda Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi milli müstəqilliyimizlə bağlı tarixi yaddaşın qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Cavanşir Feyziyev bunu TodayPress TV-yə şərh edərkən bildirib.


O, həmkarı Fazil Mustafanın Qəzənfər Musabəyov küçəsinə və parkına Nuru Paşanın adının verilməsi ilə bağlı təklifini tam şəkildə dəstəklədiyini vurğulayıb.

“Nuru Paşa keçən əsrin əvvəllərində müstəqil dövlət quruculuğumuzun ilk mərhələsində Azərbaycan xalqı qarşısında tarixi xidmətlər göstərib. Qafqaz İslam Ordusunun komandanı kimi Azərbaycanın bolşevik-daşnak işğalından azad edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin Şərqin ilk respublikası kimi təşəkkül tapmasında əvəzsiz rol oynayıb”, - deyə C.Feyziyev xatırladıb.

Onun fikrincə, Bakıda Nuru Paşanın adının əbədiləşdirilməsi müstəqil dövlətçiliyimizlə bağlı tarixi yaddaşın yaşadılması baxımından önəmlidir.

Qeyd edək ki, Milli Məclisin komitə sədri Fazil Mustafa Qəzənfər Musabəyov küçəsi və parkının adının dəyişdirilməsi ilə bağlı “Modern.az”a açıqlamasında bildirib.

“Qəzənfər Musabəyov küçəsinə və parkına Nuru Paşanın adı verilə bilər, mən bu yöndə qərar verilməsini istərdim”, - deyə o vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Cavanşir Feyziyev,Deputat,Nuru paşa,Bakı,Todaypress.tv,