Ölkədə qoyunların sayı sürətlə azalır: “Ən dadlı ət bizdədir” deyirdik, indi isə...
Cəmiyyət
21.08.2025 16:55
Azərbaycana səfər edən xarici qonaqların ən çox heyran qaldığı cəhətlərdən biri də zəngin mətbəximiz, xüsusilə ət yeməklərimizin ləzzətidir. Bol yağlı, doyumlu, ən əsası isə təbii məhsullardan hazırlanan bu yeməklər ölkəmizin vizit kartlarından sayılır. Ancaq görünür, süfrələrimizin əsas bəzəyi olan bu ləzzət tədricən azalmağa başlayıb.
Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycanda 8,31 milyon baş qoyun və keçi mövcud idisə, 2024-cü ilin oktyabrına bu göstərici 7 milyon başa enib. Yəni cəmi 5 il ərzində ölkədə qoyun və keçi sayı 1,31 milyon baş, başqa sözlə, 15,7 faiz azalıb. Təkcə son bir ildə bu rəqəm 220 min baş təşkil edir ki, bu da vəziyyətin ciddiliyini göstərir.
Heyvandarlıqda müşahidə olunan bu geriləmə fonunda xarici ət idxalı üstünlük təşkil etməyə başlayıb.
Bəs görəsən həmin idxal olunan ətlər bizim yerli məhsullarımızı əvəz edə bilirmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, gətirilən ətlərin keyfiyyəti normalara cavab verir:
“Bu ətlər əsasən dondurulmuş formada idxal olunur və yalnız yoxlamalardan keçdikdən sonra ölkəyə buraxılır. Məsələn, Monqolustan qoyunçuluq sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Ölkə əhalisi cəmi 2-3 milyon nəfər olsa da, geniş otlaq sahələri və qoyunçuluq ənənələri sayəsində daha ucuz ixrac imkanlarına malikdir. Azərbaycanda isə qoyun ətinin bir kiloqramının qiyməti 20 manatdan yuxarıdır. Halbuki 2016-2017-ci illərdə heyvan sayı 8,7 milyon baş idi, bu gün isə bu rəqəm 7,8 milyona düşüb. Bu, həm imkanların azalmasından, həm də insanların artıq qoyun saxlamaq istəməməsindən irəli gəlir”.
Ekspertin sözlərinə görə, daxili heyvandarlığın zəifləməsi idxalı qaçılmaz edir:
“Əgər idxal olmasa, qoyun ətinin qiymətləri daha da artacaq. Hazırda diri qoyun əsasən Gürcüstan və Dağıstandan, dondurulmuş ət isə Monqolustan və digər uzaq ölkələrdən gətirilir. Bu proses bazarda qiymətlərin müəyyən qədər sabit qalmasına yardım edir. Digər tərəfdən, statistik göstəricilər təsdiqləyir ki, ölkədə ət kəsimi təxminən 20 faizə qədər artıb, bu isə əhalinin artımı fonunda tələbatın yüksəldiyini göstərir”.
X.Kərimli əlavə edib ki, subsidiya hesabına fəaliyyət göstərən, amma real effekt verməyən heyvandarlıq təsərrüfatları ciddi təhlil olunmalı, bəziləri isə təhlükə yaratmadan ləğv edilməlidir:
“Real məhsuldarlıq verməyən, yalnız dotasiya ilə ayaqda saxlanılan təsərrüfatlar dövlət siyasətinə də ziddir. Səmərəsiz strukturla bazar sabitliyini qorumaq mümkün deyil”.
Türkan İsgəndərli
tag: Xalid Kərimli,İqtisadçı,Qoyun,Azalma,Todaypress.tv,
