Heyvan bazarında böhran: Ət bahalaşacaq?
Cəmiyyət
21.10.2025 14:00
Son həftələrdə ölkənin bir sıra bölgələrində dabaq (ayaq-ağız) xəstəliyinin yayılması səbəbindən iri və xırdabuynuzlu heyvan bazarlarının müvəqqəti bağlanması qərara alınıb. Bu addım sanitar və epidemioloji baxımdan vacib sayılsa da, kənd təsərrüfatı sektoruna, xüsusilə də kiçik fermer təsərrüfatlarına ciddi iqtisadi zərbə vurur.
İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, problemin miqyası yalnız baytarlıq deyil, həm də sosial-iqtisadi səviyyədə qiymətləndirilməlidir.
Onun sözlərinə görə, heyvan bazarları fermerlərin əsas satış məkanıdır və bu bazarların bağlanması ilə satış kanalları dayanır:
"Fermerlər mal satmaq və nağd dövriyyə yaratmaq imkanını itirirlər. Yem, dərman və əmək xərcləri davam etdiyi üçün xərclər artır, gəlirlər isə sıfıra enir. Bu, xüsusilə kiçik təsərrüfatlar üçün likvidlik böhranı yaradır. Yəni, pul dövriyyəsi dayanır, istehsal tsikli pozulur".
Ekspert əlavə edib ki, bazarların bağlanması qısa müddətdə ət təklifini azaldır və qiymətləri artırır. Lakin fermerlər bu artımdan faydalana bilmirlər, çünki satış məhduddur:
"Şəhər bazarlarında ət və süd məhsullarının bahalaşması istehlakçılara sosial təzyiq yaradır. Həmçinin yem məhsullarına tələbat azalır, bu da taxıl və yem bazarında qeyri-sabitlik yaradır. Dabaq xəstəliyi yalnız daxili bazara deyil, ixraca da zərbə vurur. Xəstəlik olan regionlardan heyvan və heyvan mənşəli məhsulların ixracı beynəlxalq qaydalarla qadağan edilir. Bu isə Azərbaycanın halal ət, süd və diri heyvan ixracı üzrə gəlirlərini azaldır".
İqtisadçı bildirib ki, vəziyyət uzunmüddətli perspektivdə heyvandarlıq məhsullarına etimadı azaldır, sürü tərkibinin yenilənməsini ləngidir və gələcəkdə məhsuldarlığın azalmasına səbəb ola bilər:
"Heyvandarlıq bölgələrdə minlərlə ailənin əsas dolanışıq mənbəyidir. Bazarların bağlanması gəlir itkisinə, müvəqqəti işsizliyə və regionlardan miqrasiyaya gətirib çıxara bilər. Qurbanlıq və toy mövsümləri kimi dövrlərdə ticarətin dayanması mövsümi gəlirləri sıfırlayır".
Analitik hesab edir ki, yaranmış vəziyyətdə dövlət və bələdiyyə strukturları dəstək mexanizmlərini aktivləşdirməlidirlər. O, vəziyyətin yumşaldılması üçün bir sıra təkliflər irəli sürüb:
"Fermerlər üçün müvəqqəti vergi və kredit güzəştləri, təcili subsidiya proqramları – yəni yem, dərman və peyvənd xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması, elektron heyvan ticarəti platformalarının yaradılması və ya icazəli mobil bazar günləri, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də fermerlərin maarifləndirilməsi – gigiyena, peyvənd və karantin qaydaları barədə yerli səviyyədə təlimlər kimi addımlar vəziyyətə kömək edə bilər".
Mütəxəssis qeyd edib ki, dabaq xəstəliyinə qarşı tədbirlər zəruridir, lakin bu tədbirlərin iqtisadi fəsadlarının azaldılması üçün paralel sosial və fiskal mexanizmlər tətbiq olunmalıdır. Əks halda, xəstəliyin qarşısı alınsa belə, kənd təsərrüfatında yaranan maliyyə boşluğu uzunmüddətli zərərə çevrilə bilər.
Akif Nəsirlinin fikrincə, böhrandan çıxışın yolu tənzimlənmiş bazar fəaliyyəti, dövlət dəstəyi və baytarlıq təhlükəsizliyinin balanslı şəkildə təmin edilməsidir.
Qeyd edək ki, dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb. Bu səbəbdən də fermerlər narahat və narazıdırlar.
Türkan İsgəndərli
tag: Heyvan,Bazar,Ət,Bahalaşma,Todaypress.tv,
