Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbi deportasiya edildi

Cəmiyyət

25.06.2025 14:20

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti tərəfindən ölkə ərazisində qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən kompleks tədbirlər nəticəsində 34 əcnəbi vətəndaş ölkədən deportasiya edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, deportasiya olunan şəxslər Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, İraq, Rusiya, İran, İordaniya, Pakistan, Azərbaycan, Nigeriya və Mərakeş vətəndaşlarıdır.

Onların Gürcüstanda qanuni əsaslar olmadan yaşadığı müəyyən edildikdən sonra ölkədən çıxarılması təmin olunub. Qanunvericiliyə əsasən, həmin şəxslərin Gürcüstana yenidən daxil olması da qadağan edilib.

Qeyd olunur ki, Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiya hallarının qarşısının alınması və bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

tag: Gürcüstan,Azərbaycan,Vətəndaş,Deportasiya,Todaypress.tv,