Füzulidə şəhidlərin xatirəsi anıldı
Cəmiyyət
05.10.2025 18:45
44 günlük Zəfər yürüşü zamanı torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq döyüşlərdə şəhid olan Tural Qubatov və Qismət Qardaşxanovun anım günündə məzarları ziyarət olunub. Müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.
TodayaPress TV xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə yanaşı, rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak ediblər.
Tural Firəddin oğlu Qubatov 1998-ci il iyunun 4-də Füzuli rayonun Böyük Bəhmənli kəndində anadan olub. Atasının yolunu davam etdirmək arzusu ilə yaşayan Tural həqiqi hərbi xidməti başa vurduqdan sonra ordu sıralarında qalmağı qərara alıb. Tural müddətdən artıq hərbi xidmətçi kimi həmlə taborunda ön cəbhədə döyüşüb. Alxanlı istiqamətindən başlayan əks-hücum zamanı pulemyotçu olaraq düşmənə qarşı mərdliklə vuruşub. O və hərbçi yoldaşları 30 illik erməni səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra Tural və döyüşçü yoldaşları Cəbrayıl istiqamətində düşmənə qarşı mərdliklə vuruşublar. Gərgin döyüşlərdən birində Tural qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Tural Qubatov ölümündən sonra “Cəsur döyüşcü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qismət Qərib oğlu Qardaşxanov 1993-cü il avqustun 30-da Füzuli rayonu Birinci Mahmudlu kəndində anadan olub. Qismət uşaqlıq illərini də elə cəbhə rayonunda keçirərək vətənpərvər ruhda böyüyüb. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Xidmətini bitirdikdən sonra müddətdən artıq xidmətçi olaraq Vətənin keşiyində dayanıb. Əks-hücumlar zamanı Qismət də ön sıralarda döyüşə qoşulub. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə mərdliyi və qorxmazlığı ilə seçilib. Oktyabrın 5-də gərgin döyüşlər zamanı Qismət şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Qismət Qardaşxanov ölümündən sonra “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
