Bəzi ölkələrdən diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu
Cəmiyyət
03.07.2025 18:28
Bəzi ölkələrdən Azərbaycana diri atların və onlara aid genetik materialların, diri xırdabuynuzlu və iribuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınmasına məhdudiyyət qoyulub
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Namibiyanın Omaheke, Otyozondupa, Tomas, Hardap, Eronqo regionlarında Atların Afrika, Bolqarıstanın Plovdiv vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransanın Overn-Rona-Alplar regionunda, İtaliyanın Lombardiya regionunda nodulyar dermatit, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik regionunda Nyukasl, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Rexham bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün Namibiyadan və zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan digər inzibati ərazi vahidlərindən diri atların və onlara aid genetik materialların, diri xırdabuynuzlu və iribuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
tag: AQTA, Monitorinq,Məhsullar,Sahibkar,Todaypress.tv,