Ançelottidən sərt mesaj: “Mənə ulduz yox, döyüşçü lazımdır”
Karlo Ançelotti Braziliya yığmasının heyətində Neymarın gələcək rolu ilə bağlı açıqlama verib.
TodayPress TV UOL-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ulduz futbolçunun əsas heyətdə oynamaq üçün bunu məşqlərdə sübut etməli olduğunu bildirib.
Ançelotti Neymarın fiziki durumunu dəyərləndirərək onun son oyunlarda praktikaya sahib olduğunu qeyd edib:
“Dünya çempionatının başlanğıcına qədər formasını daha da yaxşılaşdırmaq üçün vaxtı ola bilər. Onun belə turnirlərdəki təcrübəsinin, komandadakı nüfuzunun və yaratdığı atmosferin nə qədər vacib olduğunu anlayırıq”.
İtaliyalı məşqçi futbolçunun heyətdə xüsusi imtiyaza sahib olmadığını vurğulayıb:
“Neymar yalnız buna layiq olsa oynayacaq. Qarşıda məşqlər var və qərarlar həmin hazırlıq prosesindən sonra veriləcək. Mənə ulduzlar lazım deyil, nəticə üçün çalışan futbolçular lazımdır”.
Ançelotti Neymarı hücumun mərkəzinə daha yaxın gördüyünü də bildirib. O, həmçinin Panama ilə keçiriləcək yoldaşlıq görüşündə mümkün qədər çox futbolçuya şans vermək istədiyini deyib.
Namiq HUN