Avropa İttifaqı HƏMAS-a qarşı sanksiya siyahısını genişləndirdi
Aİ Şurası HƏMAS Siyasi Bürosunun 10 üzvünü sanksiya siyahısına əlavə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Şuranın dərc olunmuş rəsmi kommünikesində bildirilir.
"Şura, zorakı hərəkətləri təbliğ edən, müdafiə edən və onlara bəraət qazandıran HƏMAS Siyasi Bürosunun üzvlərini də daxil etməklə, HƏMAS və Fələstin İslam Cihadına qarşı yönəlmiş məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirmək barədə qərar qəbul edib", - deyə sənəddə qeyd olunur.
Nəşrdə izah edilir ki, Siyasi Büronun üzvləri qərar qəbulu prosesində mühüm rol oynayır və HƏMAS-ın hərbi qanadının fəaliyyətinə, o cümlədən onun zorakı addımlarına ciddi təsir göstərirlər.
Aİ Şurasının məlumatına görə, bu qərarla siyahıya HƏMAS Siyasi Bürosunun 10 üzvü daxil edilib və bununla da sözügedən sanksiya rejimi çərçivəsində tətbiq olunan məhdudlaşdırıcı tədbirlər artıq 21 fiziki şəxsə və 3 təşkilata şamil edilir.
Aysel Mətləb