WUF13-də önəmli müzakirə: Şəhərlər münaqişə yükünü daşıya bilirmi?
“Münaqişələr mənzil əlçatanlığına və şəhər iqtisadiyyatına birbaşa təsir edir”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təmsilçisi Ayman Əl-Hefnavi deyib.
O bildirib ki, enerji qiymətlərinin artması və təchizat zəncirində yaranan problemlər şəhər sistemlərinə ciddi təsir göstərir.
Ayman Əl-Hefnavi qeyd edib ki, xüsusilə dəniz yollarının bağlanması təchizat zəncirində pozuntuları daha da dərinləşdirib və bu vəziyyət əlçatan mənzil layihələrinin həyata keçirilməsinə mənfi təsir göstərir.
“Münaqişə göstərdi ki, şəhər sistemləri bir-biri ilə sıx bağlıdır. Yanacaq və enerji qiymətlərinin artması, maliyyə qeyri-sabitliyi və köçkünlük mənzil əlçatanlığına və şəhər yaşayışına birbaşa təsir edir”, – deyə o vurğulayıb.
“UN-Habitat” təmsilçisi bildirib ki, ərəb şəhərləri ilə bağlı hesabatda mənzil maliyyələşməsinin dövlət-özəl tərəfdaşlığı, yaşıl sukuk və Körfəz kapitalı vasitəsilə şaxələndirilməsi tövsiyə olunurdu.
Onun sözlərinə görə, hazırkı böhran şəraitində bu yanaşmalar fövqəladə dayanıqlılıq mexanizmləri, sürətli yenidənqurma fondları və humanitar inkişaf alətləri ilə tamamlanmalıdır.
Ayman Əl-Hefnavi əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin mərhələli şəkildə yenilənməsi üçün yerli materiallardan istifadə, əmək tutumlu metodlar və idxaldan asılılığın azaldılması daha vacib hala gəlib.
O, həmçinin enerji səmərəli və tullantısız şəhərsalma yanaşmalarının əhəmiyyətini vurğulayıb.
“Yaşıl tikinti istiqamətində əlavə olaraq izolyasiya, düzgün yerləşdirmə və bahalı idxal məhsulları tələb etməyən yerli materiallardan istifadəyə üstünlük verilməlidir”, – deyə Ayman Əl-Hefnavi bildirib.
Qiymət Mahir