Amina Məhəmməd: Dayanıqlı İnkişaf Məqsədləri ölkələrdə həyata keçirilməlidir
“Dayanıqlı İnkişaf Məqsədləri qlobal səviyyədə yalnız ölkələrdə və icmalarda həyata keçirildiyi halda əldə edilə bilər”.
TodayPress TV xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Məhəmməd WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, mənzil və dayanıqlı şəhər inkişafı istiqamətində aparılan işlər BMT sistemi üzrə koordinasiyanın praktik nümunəsidir və UN-Habitat şəhər–kənd gündəliyi çərçivəsində siyasətlərin, tərəfdaşlıqların və təşviqat fəaliyyətinin inteqrasiyasını təmin edir.
Amina Məhəmməd qeyd edib ki, BMT Baş katibi, UN-Habitat, rezident koordinatorlar, regional iqtisadi komissiyalar və BMT ailəsinin digər qurumları adekvat mənzil və dayanıqlı şəhər inkişafı üzrə daha vahid yanaşmanın formalaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
“Bütün bu fəaliyyətlər Dayanıqlı İnkişaf Gündəliyi və 2030 Gündəliyinin həyata keçirilməsinə xidmət edir. Forum çərçivəsində aparılan müzakirələr və formalaşan öhdəliklər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün vacibdir və cəmiyyət üzrə zəruri transformasiyanın əsasını yaradır. Forumdan sonra əsas vəzifələrdən biri tərəfdaşlıqların daha da gücləndirilməsi və cəmiyyətin bütün üzvləri ilə birgə fəaliyyətin dərinləşdirilməsidir”.
Amina Məhəmməd qeyd edib ki, bu dəyişikliklərdə yerli və regional hakimiyyət orqanları aparıcı rol oynayacaq və qərarlar insanların real həyat təcrübəsinə əsaslanmalıdır.
BMT Baş katibinin müavini mənzil məsələsinin dayanıqlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb.
“Şəhərlər hər kəs üçün işləməlidir — xüsusilə uşaqlar, qadınlar, gənclər, əlilliyi olan şəxslər, yaşlı insanlar, miqrantlar, məcburi köçkünlər və qeyri-formal yaşayış məntəqələrində yaşayan insanlar üçün”, – deyə o bildirib.
Amina Məhəmməd əlavə edib ki, qarşıdakı dövrdə COP31, BMT-nin ikinci Su Konfransı və Yeni Şəhər Gündəliyinin icmalı kimi mühüm mərhələlərdə yerli səviyyədə uyğunlaşma əsas prioritetlərdən biri olmalıdır.
O qeyd edib ki, Yeni Şəhər Gündəliyinin qəbulundan sonra ciddi irəliləyiş əldə edilsə də, görüləcək işlər hələ də çoxdur.
“Forum zamanı nümayiş etdirilən enerji, tərəfdaşlıqlar və həllər gələcəyə ümid verir. Bakının dayanıqlı urbanizasiya üzrə fəaliyyətə çağırışı etimadın bərpası, Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi və çoxtərəfli əməkdaşlığın yenilənməsi üçün mühüm istiqamətlərdən biridir. Biz Bakını inklüziv, dayanıqlı, davamlı və insan ləyaqətini mərkəzə qoyan icmalar, şəhərlər qurmaq üçün yenilənmiş qətiyyətlə tərk edirik”.
Qiymət Mahir