U-15 Avropa çempionatında Azərbaycan bayrağı yüksəlir
Azərbaycan güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qazandıqları medalların sayı altıya çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Dördüncü yarış günündə daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.
Elvin Nəcəfzadə (85 kq) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 1:4 hesabıyla geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub.
Gülay Xasməmmədova (36 kq) isə həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovaya "tuş"la məğlub olaraq gümüş medalı boynundan asıb.
Beləliklə, güləşçilərimizin cari yarışda medallarının sayı 6-ya (4 qızıl, 1 gümüş və 1 bürünc) çatıb.