Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu
17.04.2026 17:21 Elm və Təhsil

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 aprel saat 10:00-dan 22 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Bütün Xəbərlər