Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ

Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
05.06.2026 12:03 Xarici siyasət

Prezident İlham Əliyev Azərbaycanın ev sahibliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, mətndə deyilir:

"Hörmətli iştirakçılar,

Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir.

XXI əsrdə ətraf mühitin mühafizəsi beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. İqlim dəyişmələrinin ildən-ilə artan dağıdıcı fəsadları, təbii sərvətlərin, o cümlədən su ehtiyatlarının sürətlə tükənməsi, biomüxtəlifliyin azalması, torpaqların deqradasiyası, çirklənmə və kəskin istilər bir-biri ilə əlaqəli və təxirəsalınmaz tədbirlər tələb edən proseslərdir.

Planetimizin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Gələcək nəsillərin rifahı bu gün bizim bu çağırışların öhdəsindən gəlmək bacarığımızdan asılıdır.

Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk.

Bu gün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın artdığını müşahidə edirik. Su qıtlığı təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi narahatlıq doğuran məsələdir. Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz göstəricisidir.

Təmiz ətraf mühit və "yaşıl artım" hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir.

Biomüxtəlifliyin qorunması məqsədilə Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri genişləndirilir. Bir çox relikt, həmçinin regional və yerli endemik flora növləri ilə zəngin, nadir meşə massivi olan Hirkan meşələri Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk təbiət ərazisidir.

Əfsuslar olsun ki, təxminən 30 il ərzində işğal altında olan ərazilərimiz ekosidə və urbisidə məruz qalmış və bu da həmin ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdu. Bundan əlavə, işğal olunmuş ərazilərdə basdırılmış çoxsaylı minalar bu gün də ciddi ekoloji ziyan vurmaqda davam edir.

Ərazilərimizin işğaldan azad edilməsindən dərhal sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışdı. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına uyğun olaraq infrastrukturun yenidən qurulması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi yerli ekosistemin bərpasına töhfə verəcək.

Eyni zamanda, yaşıl enerji zonaları elan edilmiş Qarabağ və Şərqi Zəngəzur günəş, külək və su elektrik resursları da daxil olmaqla geniş bərpaolunan enerji potensialına malikdir. Yaşıl enerjinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasındadır.

Hörmətli iştirakçılar,

"Təbiətdən ilhamlanaraq. İqlim naminə. Gələcəyimiz naminə" qlobal çağırış adı altında keçirilən builki Ümumdünya Ətraf Mühit Günü iqlim fəaliyyəti və təbiət arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır.

Bu gün iqlim böhranının sərhəd tanımayan fəsadları beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Azərbaycan COP29-a sədrliyi dövründə iqlim diplomatiyası və çoxtərəfli dialoq üçün mühüm platforma təmin etmiş, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında körpü qurmaqla qlobal həmrəyliyi daha da gücləndirmişdi. Azərbaycanın COP mirasını təşkil edən "Bakı sıçrayışı" tarixi qərarlarla yadda qaldı.

COP29-dan bu günədək iqlim liderliyimiz davam etmiş və Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun tarixində ən genişmiqyaslı, sayca 13-cü sessiyasına ev sahibliyi etmişdi. Tədbir "Bakı Fəaliyyətə Çağırış" sənədinin qəbul edilməsi ilə nəticələnmişdir. Sənəddə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və hər kəs üçün dayanıqlı, əlçatan və iqlimə davamlı mənzil təminatı üçün konkret addımların atılmasına zərurət olduğu vurğulanır.

Azərbaycan gələcək nəsillərə yaşıl və dayanıqlı bir dünya miras qoymaq məqsədilə çoxtərəfli əməkdaşlığı bundan sonra da təşviq edərək qlobal ekoloji gündəliyin irəlilədilməsində fəal rol oynamağa davam edəcək.

Tədbirin işinə uğurlar arzulayıram".

TodayPress TV

***

11:29

Prezident İlham Əliyev Azərbaycanın ev sahibliyi ilə Heydər Əliyev Mərkəzində keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətin mətnini Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev oxuyub.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Bütün Xəbərlər