Fərid Şəfiyev: “İslamofobiya qlobal sabitlik və birliyə ciddi təhlükə törədir”

Xarici siyasət

26.05.2025 09:53

1

“Nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır”.   

TodayPress TV xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında çıxış edərkən deyib.   

Onun sözlərinə görə, Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur ki, bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar.   

“Milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür. Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Və bu tendensiyanı mədəni vahidliyin qorunması narrativləri ilə əsaslandırırlar”. 

Sədr diqqətə çatdırıb ki, İslamofobiya qlobal sabitlik və birliyə ciddi təhlükə törədir, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa xələl gətirir. 

Töhfə Səməd

tag: Fərid Şəfiyev,Tədbir,İclas,Konfrans,Todaypress.tv,