Ceyhun Bayramov: Türkiyə və gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib
Azərbaycan, Türkiyə, Gürcüstan XİN başçıları üç ölkə arasında yeni layihələri müzakirə edib.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üç ölkə arasında hazırda həyata keçirilən layihələrin cari vəziyyəti müzakirə olunub:
"Hazırkı dönəmdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr barədə geniş fikir mübadiləsi apardıq. Ortaq çağırışlar nəzərə alındı".
Nazir qeyd edib ki, beynəlxalq və region səviyyədə olan münaqişələr, artan gərginlik fonunda bölgəmizin neqativ tendensiyalardan kənar qalması real deyil.
Onun sözlərinə görə, bunun nəticələri görünür:
"Ona görə də üç ölkənin bu sahədə koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır".
Nazir bəyan edib ki, Azərbaycan Türkiyə və Gürcüstanla strateji tərəfdaşlığı daha dərinləşdirmək əzmindədir.
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Türkiyə arasında institusional format mövcuddur:
"Bu müxtəlif sahələri əhatə edir. Bugünkü görüş, müzakirələr və İstanbul bəyannaməsi xalqlarımızın sülhünə, təhlükəsizliyinə, rifahı naminə birgə səylərin daha da gücləndirilməsinə xidmət edəcək".