Klublarımızın cari avrokuboklardan qazancı
UEFA
02.08.2025 15:30
Avrokuboklarda Azərbaycanı təmsil edən klubların UEFA-dan əldə edəcəyi maliyyə gəlirləri bəlli olub.
TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında (ÇL) mövsümə II təsnifat mərhələsindən start verib. İrlandiyanın “Şelburn” klubunu üstələyən ağdamlılar III mərhələyə yüksəlib.
UEFA-nın qaydalarına əsasən, ÇL-in təsnifat mərhələsini adlamağa görə klublara pul mükafatı verilmir. Lakin komanda qrup mərhələsinə qədər irəliləsə, artıq 15.6 milyon avro mükafat alır. “Qarabağ” pley-offda mübarizəni dayandırarsa, UEFA-dan 5 milyon avro qazanc əldə edəcək.
Avropa Liqasına I təsnifat mərhələsindən qatılan “Sabah” klubu bu turnirdəki iştirakına görə 150 min avro mükafat qazanıb. “Selye” ilə qarşılaşmada məğlub olan komanda mübarizəsini Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirib. Bu mərhələdə iştiraka görə 350 min avro, "Petrokub" üzərindəki qələbəyə görə isə əlavə 550 min avro mükafat nəzərdə tutulur. “Sabah”ın avrokuboklardan indiyə qədər qazancı 1 milyon 50 min avroya çatıb. Uğurlu çıxış müqabilində məbləğ daha da artacaq.
Konfrans Liqasının II mərhələsindən mübarizəyə qoşulan “Araz-Naxçıvan” bu mərhələdə iştirak üçün 350 min, mərhələ adladığına görə isə əlavə 550 min avro qazanıb. Komanda ilk mövsümündə ümumilikdə 900 min avroluq qazanc əldə edib.
Mövsümə Konfrans Liqasında başlayan digər təmsilçimiz “Zirə” isə yalnız II təsnifat mərhələsində iştirak etdiyi üçün 350 min avro ilə kifayətlənməli olub.
(Oxu.az)
Namiq HUN
tag: Azərbaycan,Klub,Avrokubok,Qazanc,Todaypress.tv,