Trampın mesajı: Cənubi Qafqaz siyasətində Bakı ön planda!

Təhlil

19.09.2025 19:02

“ABŞ Prezidenti Donald Trampın ABŞ-Azərbaycan münasibətləri çərçivəsində dostluq və əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlərin arxasında bir çox müxtəlif səbəblər dayanır”.

Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, bu səbəblərin müəyyən məqsədlərə hesablanmasını da istisna etmək olmaz:

“Əlbəttə, ABŞ-nin Cənubi Qafqaz siyasəti, ilk növbədə, onun bu regionda geosiyasi maraqlarının təmin olunmasına yönəlib. Bu baxımdan Trampın Azərbaycan və Ermənistanla münasibətlərin dostluq və əməkdaşlıq səviyyəsində qurulmasına dair səsləndirdiyi bəyanatları məhz bu siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər”.

Ekspert bildirib ki, Azərbaycan Xəzər dənizində zəngin neft-qaz ehtiyatlarına malikdir və Avropaya alternativ enerji marşrutlarının mühüm hissəsini təşkil edir. Avropanın Rusiyadan enerji asılılığının aradan qaldırılması ABŞ üçün vazkeçilməz amildir. Bu səbəbdən Azərbaycan ABŞ üçün strateji əhəmiyyət daşıyan ölkələrdən biri kimi qəbul olunur. Azərbaycanın coğrafi mövqeyi, Rusiya və İranla həmsərhəd olması isə ABŞ üçün təsir imkanlarını genişləndirmək baxımından xüsusi önəm daşıyır.

“Donald Trampın liderlərin şəxsi keyfiyyətlərinə də üstünlük verdiyini zaman-zaman müşahidə etmişik. Bu, Azərbaycan Prezidenti İlham Əliyevə münasibətdə də nəzərdən qaçmadı. Ağ Evdə keçirilən üçtərəfli görüş zamanı Trampın İlham Əliyevə qarşı daha diqqətli və həssas davranış sərgilədiyi aydın göründü. Trampın ölkə başçısına yönələn müsbət jestləri, şübhəsiz, iki ölkə arasında isti münasibətlərin qurulmasına əhəmiyyətli dərəcədə töhfə verir. Bu, onun böyük siyasətçi olduğunu göstərən amillərdəndir”, - deyə analitik əlavə edib.

Ç.Şahbazi onu da vurğulayıb ki, Trampın Azərbaycan və Ermənistanla bağlı bəyanatları siyasi baxımdan da əhəmiyyətlidir. Həmçinin Trampın üslubundan güc alan ABŞ-Azərbaycan münasibətləri strateji dostluq görüntüsünü qabartmaqla bölgədə təsir dairəsini gücləndirməyə çalışır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşıb. O, paylaşımına bu sözləri əlavə edib:

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və insanla, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu mənim üçün, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq!”.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət Birgə Bəyannamə imzalayıblar. Sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır.

Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Azərbaycan , Çingiz Şahbazi ,Todaypress.tv,

photo