Trampın “ikinci görüş” təklifi: Putin bunu necə dəyərləndirəcək? - POLİTOLOQ
Təhlil
15.08.2025 16:30
"ABŞ Prezidenti Donald Trampın açıqlaması göstərir ki, Ağ Ev hazırkı görüşə yalnız formal başlanğıc kimi görür, onu gələcək üçtərəfli sammitin açarı hesab edir. Onun “Rusiya liderindən istədiyim cavabları ala bilməsəm...” ifadəsi diplomatik ritorikadan çox konkret güzəştlər və öhdəliklər gözləntisinin mesajıdır. Bu, ilk görüşü uğurla keçirmək üçün Rusiya Prezidenti Vladimir Putinə bir növ şərtli mandat təqdim edir".
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər Kreml mövqeyini yumşaltsa, Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi format mümkün olacaq. Lakin Rusiya sərt xəttini davam etdirərsə, prosesin dayanacağı ehtimalı yüksəkdir.
Siyasətçi bildirib ki, Tramp bu yanaşma ilə həm Putin, həm də Zelenski üzərində psixoloji təzyiq qurur:
"ABŞ tərəfi ilk mərhələdə Ukraynadakı hərbi gərginliyin azaldılması, mülki əhalinin qorunması və müəyyən iqtisadi məhdudiyyətlərin müzakirəsini gündəmə gətirə bilər. Vaşinqtonun gözləntiləri arasında Rusiyanın strateji mövqelərindən müəyyən qədər geri çəkilməsi də var. Buna əsasən Qərb sanksiya siyasətində müəyyən yumşalmalara gedə bilər.
Putin üçün bu görüş ABŞ ilə birbaşa dialoq imkanını bərpa etmək baxımından əhəmiyyətlidir. Zelenski isə ABŞ-nin danışıqlarda aktiv mövqeyini Kiyevin siyasi legitimliyinin güclənməsi kimi qiymətləndirəcək. Buna görə də hər iki tərəf Trampın “ikinci görüş” şərtini diqqətlə izləyir".
Analitikin qənaətincə, əsas gözləntilərdən biri, tərəflərin gələcəkdə atəşkəs və siyasi həll mexanizmlərinin təməl prinsiplərində razılaşmasıdır:
"Lakin Krımın statusu və Donbasdakı real nəzarət məsələləri hələ də ciddi əngəl olaraq qalır. Trampın “məhsuldar” adlandırdığı nəticə, əslində, tərəflərin qarşılıqlı güzəşt paketinə razılaşmasıdır. Bu gün əldə ediləcək nəticələr, ikinci görüşün reallığını müəyyənləşdirəcək. Nəticədə, bugünkü görüş həm diplomatik tempin qorunması, həm də Ukrayna münaqişəsinin siyasi istiqamətə yönəldilməsi baxımından həlledici mərhələdir".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşü normal keçərsə, dərhal Ukrayna lideri Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli sammit keçirmək istərdi. Ancaq xəbərdarlıq edib ki, istədiyi cavabları ala bilməsə, ikinci görüş olmayacaq:
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Tramp,Putin,Todaypress.tv,
