Vaşinqton bölgədə yeni xətt açır: Huker İrəvana niyə gedib?
Təhlil
17.11.2025 16:50
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Elison Huker ilə görüşüb.
Ermənistan XİN-in məlumatına görə, tərəflər "Tramp marşrutu"nu müzakirə ediblər.
Maraqlıdır, Elison Hukerin İrəvana səfəri ABŞ-nin Ermənistan–Türkiyə xəttində hansı strateji hədəflərinə hesablanıb? Görüşün ümumi məqsədi nədən ibarətdir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Aqşin Kərimov bildirib ki, ABŞ TRIPP layihəsini irəli aparmaq üçün diplomatik fəallığını artırıb:
"Amerika Birləşmiş Ştatları TRIPP (Trump Route for International Peace and Prosperity) marşrutunun həyata keçirilməsi üçün diplomatik və siyasi fəaliyyətini aktiv mərhələyə keçirmiş vəziyyətdədir. Bu yanaşma, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaların sürətli icrası baxımından mühüm əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, ABŞ yeni tərəfdaşlar axtarır və mövcud maneələrin aradan qaldırılmasını prioritet sayır:
"Bu kontekstdə ABŞ öz diplomatiyasını çoxşaxəli və çoxvektorlu istiqamətdə quraraq TRIPP layihəsini dəstəkləyən yeni tərəfdaşlar axtarır. Buna görə də layihənin qarşısında dayanan süni sədlərin, eləcə də texniki və siyasi maneələrin aradan qaldırılması prioritet məsələdir".
Ekspert hesab edir ki, dövlət katibinin müavininin regiona səfəri məhz bu maneələrin dəqiq qiymətləndirilməsi və həmin qiymətləndirmələrin sonradan Azərbaycanla bölüşdürülməsi baxımından xüsusi önəm kəsb edir.
Politoloq, həmçinin Azərbaycan–Türkiyə–ABŞ xəttinin güclənməsinə diqqət çəkib:
"Hazırda Azərbaycan–Türkiyə–ABŞ xəttində yeni və müsbət tendensiyalar müşahidə olunur. Bu dinamika yaxın gələcəkdə üçtərəfli əməkdaşlığın daha geniş formatlarda inkişafına şərait yarada bilər. Bu mənzərə fonunda Ermənistan–Türkiyə–ABŞ münasibətlərindən daha çox, Azərbaycan–Türkiyə–ABŞ üçbucağındakı əməkdaşlıq perspektivləri diqqət mərkəzində olmalıdır".
A.Kərimov əlavə edib ki, Azərbaycan bölgədə əsas tərəfdaş kimi aparıcı güclərlə işləməyə üstünlük verir:
"Bu yanaşmanın vacibliyi həm də onunla bağlıdır ki, regionda Azərbaycanın əsas tərəf-müqabili Ermənistan deyil. Azərbaycan artıq bölgənin aparıcı gücləri ilə əməkdaşlıq edərək, öz mövqeyini paylaşaraq və şərtlərini irəli sürərək yeni nəticələr əldə etməyə çalışır".
Politoloq sonda vurğulayıb ki, Ermənistana səfər edən nümayəndə heyətinin məqsədi Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəminin yenilənməsi və bu gündəmin TRIPP layihəsi çərçivəsində irəlilədilməsidir.
Jalə Rövşən
tag: Elison Huker,Ararat Mirzoyan,İrəvan,ABŞ ,Todaypress.tv,
