"Taliban" sadəcə alətdir — Gizli ssenari AÇIQLANDI!
Təhlil
13.10.2025 18:03
"Pakistan və Əfqanıstan arasındakı son sərhəd toqquşmaları iki ölkə arasında mövcud olan problemlərdən qaynaqlanır. Bu problemlər sırasında sərhəd məsələləri də mühüm yer tutur".
Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib.
O bildirib ki, Əfqanıstanın Pakistana qarşı silahlı münaqişəyə cəlb olunması və bu prosesin arxasında müəyyən xarici qüvvələrin dayanması artıq məlumdur:
"Pakistanın beynəlxalq miqyasda gedən proseslərə fəal müdaxiləsi, xüsusilə də Yaxın Şərqdə artan rolu bəzi qlobal siyasi mərkəzləri ciddi şəkildə narahat edir. Çünki nüvə silahına malik olan Pakistanın İslam dünyasında aparıcı dövlətlər sırasına daxil olması bir çox qüvvələrin maraqlarına qətiyyən uyğun gəlmir. Məhz buna görə də Pakistanda sabitliyi pozmaq və diqqətini daxili məsələlərə yönəltmək məqsədilə Əfqanıstandan, xüsusilə də oradakı “Taliban” qüvvələrindən istifadə edilir.
"Taliban" ABŞ-nin Əfqanıstanda buraxıb getdiyi milyardlarla dollar dəyərindəki müasir hərbi texnikadan yararlanaraq Pakistana qarşı terror xarakterli hücumlar həyata keçirməyə çalışır. Lakin hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri olmayan Əfqanıstan Pakistan ordusuna qarşı dayana bilmir və artıq bu, praktiki şəkildə özünü göstərir".
Analitik əlavə edib ki, ABŞ və NATO-nun Əfqanıstanda hərbi kontingent saxladığı dövrdə “Taliban” silahlı dəstələrinin bir hissəsi Pakistan ərazisinə keçmişdi. Həmin terrorçu qruplar bu gün də Pakistanın daxilində terror hadisələri törətməkdə davam edirlər və bəzi xarici qüvvələr məhz bu qruplardan Pakistana qarşı vasitə kimi istifadə edir.
"Hazırda Pakistan eyni vaxtda həm Əfqanıstana, həm də öz ərazisindəki terrorçu “Taliban” qruplaşmalarına qarşı mübarizə aparır. Böyük ehtimalla, bu əməliyyatlar yaxın vaxtlarda bölgədə real siyasi və təhlükəsizlik nəticələrini göstərməyə başlayacaq", - E. Xalidbəyli diqqətə çatdırıb.
11 oktyabrda Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər.
Bildirilib ki, Əfqanıstan tərəfinin hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb.
Nazirlik qarşı tərəfinin itkilərinin saynın 200-dən çox olduğunu açıqlayıb.
Qiymət Mahir
tag: Elçin Xalidbəyli,Politoloq,Taliban,Əfqanıstan,Todaypress.tv,
