Politoloq: "Zelenski-Avropa görüşləri Rusiyaya işğal üçün vaxt qazandırır"

Təhlil

09.12.2025 15:20

Dekabrın 8-də Londonda Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron arasında görüş olub.  Görüşdə müzakirələrin əsas mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları olduğu bildirilib.


 Maraqlıdır, bu görüş Ukrayna sülh prosesinə nə qazandırdı?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, son günlər Avropa liderlərinin ard-arda keçirdiyi görüşlər Ukraynada sülhə real töhfə vermir. Əksinə, bu prosesin uzanmasına və Rusiyanın yeni əraziləri ələ keçirməsi üçün əlavə imkanlar yaranmasına səbəb ola bilər.


Ekspert qeyd edib ki, Trampın planı Zelenskiyə təzyiq və şantajla qəbul etdirilməyə çalışılırdı:

"Trampın təklif etdiyi plan Rusiya tərəfindən qəbul edilmişdi. ABŞ administrasiyası bu planı müxtəlif təzyiq alətləri ilə Zelenskiyə qəbul etdirməyə çalışırdı. Burada həm ABŞ yardımının dayandırılması şantajından istifadə olunur, həm də Ukraynadakı korrupsiya faktları Zelenskiyə qarşı təzyiq vasitəsinə çevrilirdi. Çünki yaxın ətrafı korrupsiyaya bulaşdığı halda Zelenskinin bu prosesdən kənarda qalması inandırıcı görünmür".

Onun sözlərinə görə, Ukrayna sülh və itkilər arasında sıxışıb qalıb:

"Bu vəziyyətdə Ukrayna lideri həqiqətən çıxılmaz durumda qalıb. Bir tərəfdən təklif olunan şərtlər Ukraynanı qane etmir, digər tərəfdən isə ABŞ-nin dəstəyi olmadan Ukraynanın müqavimət göstərməsi demək olar ki, mümkünsüzdür. Sülhə ədalətsiz şərtlərlə imza atmaq olmaz, amma imza atılmadığı halda da əlavə ərazilərin itirilməsi və itkilərin artması riski var".

A.Səmədov hesab edir ki, Zelenski güclü təzyiqlər altında çətin seçim qarşısındadır:

"Nəticədə Ukrayna ağır vəziyyətdədir, Zelenski isə ciddi siyasi çıxılmazlıq yaşayır. Belə bir şəraitdə Ukraynada ən populyar siyasətçilərdən biri olan Valeri Zalujnının sülhə imza atmağın mümkünlüyündən danışması Zelenskinin mövqeyini daha da zəiflədir.

Təzyiqlər çox güman ki, davam edəcək, Avropa liderləri prosesi uzatmağa çalışacaqlar. Son nəticədə isə sual açıq qalır: Zelenski bu şərtlərlə sülhə imza atacaq, yoxsa imza atmağa məcbur ediləcək? Yaxın günlər bunu göstərəcək".

Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,Zelenski,Rusiya,Todaypress.tv,