Rusiya bu dəfə Azərbaycandan üzr istəyəcək, əks halda...

Təhlil

30.06.2025 16:10

"Rusiya Azərbaycan təyyarəsinin vurulması hadisəsi ilə bağlı üzr istəmiş olasaydı, Azərbaycan-Rusiya münasibətləri indiki gərginlik səviyyəsinə gəlib çatmazdı. Böyük ehtimalla, Rusiya bu dəfə də Azərbaycandan üzr istəməyəcək, əksinə haqlı olduğunu sübut etməyə çalışacaq". 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib. 

O hesab edir ki, Rusiyanın üzr istəməməsinin əsas səbəbi Kremlin rəsmi Bakıya təzyiq göstərmək istəyidir:

"Təzyiqlərin arxasında Kremlin rəsmi Bakı tərəfindən yürüdülən müstəqil siyasətin qəbul edilə bilməməsi dayanır. Hazırda Rusiyanın Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləyib və buna paralel olaraq Azərbaycan Cənubi Qafqazda geopolitik iradə mərkəzinə çevirilib. Eyni zamanda Azərbaycan qlobal məkanda da öz nüfuzunu artırır və beynəlxalq siyasi proseslərdə öz siyasi iradəsini ortaya qoymağı bacarır. Bütün bunlar, xüsusilə də Azərbaycanın NATO ölkəsi olan Türkiyə ilə hərbi strateji müttəfiqliyi Rusiya üçün ciddi problem sayılır. Belə bir dövlətə təsir göstərmək o qədər də asan məsələ deyil. Təbii ki, bu sıraya Rusiyanın Azərbaycanda təsir mexanizmlərinin olmaması da daxildir. Sonuncu təsir mexanizmi Rusiyanın sülhməramlı qüvvələri idi, onlar da artıq Azərbaycan ərazisindən çıxarılıblar. Bundan sonra Kremlin Azərbaycana qarşı hər hansı təsir və ya təzyiq mexanizmi qalmadı. Bu, Kremldəki bəzi siyasi dairələri qıcıqlandırır. Azərbaycana qarşı başqa təzyiq metodları qalmadığına görə, Rusiyada yaşayan azərbaycanlılara qarşı təqiblər vasitəsi ilə rəsmi Bakını təzyiqlərə məruz qoymaq niyyətinə düşüblər".

Ekspert bildirib ki, hadisələrin ilk günündən rəsmi Bakının verdiyi sərt reaksiya Kreml üçün də gözlənilməz olub:

"Artıq Kremldə də anlayırlar ki, rəsmi Bakı ilə təhdid və təzyiq dilində danışmaq heç bir reaksiya verməyəcək. Azərbaycanla yalnız anlaşmaq mümkündür, təzyiqlə mövqe dəyişmək mümkün deyil. Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edəcək və Kremldə qəbul etməlidirlər ki, Azərbaycan artıq Rusiya üçün əlçatmaz dövlətdir. Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb. Kreml rəsmi Bakı ilə ikitərəfli, bərabərhüquqlu normal münasibətlərin inkişaf etdirilməsi barədə düşünsə, daha effektiv əməkdaşlıq sistemi yarana bilər".

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. 

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Azərbaycan,Todaypress.tv,

photo